İslam İnkişaf Bankının təqaüd proqramından Azərbaycan vətəndaşları da yararlana biləcəklər
31.1.2017

İslam İnkişaf Bankı (İİB) 2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən bildirilib ki, proqram İİB-in üzvü olan ölkələrin vətəndaşlarına dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almaq və doktoranturadan sonra tədqiqat işi aparmaq imkanı verəcək.

Təqaüd proqramında iştirak etmək istəyən Azərbaycan vətəndaşları ərizə formasını dolduraraq fevralın 3-ü saat 12.00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərməlidirlər. Elektron poçtla göndərilən sənədlərin əsli isə yalnız fevralın 3-ü saat 15.00-dan saat 16.00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə təqdim olunmalıdır.

Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə).

Bütün sənədlər ingilis dilində tərcümə edilərək təsdiq olunmalıdır.

azertag.az