Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin yaşadığı binaya onun xatirə lövhəsi vurulacaq. Xatirə lövhəsi AMM-nin sifarişi ilə hazırlanıb.
Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaradıb. O, tanınmış özbək şairi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan möhtəşəm abidənin müəllifidir. Həmçinin Ə.Nəvainin Özbəkistanın Katta Kurqan şəhərindəki, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı heykəllərini də yaradıb. E.Əliyev 1977-ci ildə Daşkənddəki "Mirzə Uluqbəy" meteostansiyasının döymə misdən dizaynını da işləyib. Onun əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır.
Eynulla Əliyev uzun müddət Özbəkistan Rəssamlar İttifaqı Səmərqənd Vilayət filialının sədri işləyib. Heykəltəraş 2001-ci ildə Səmərqənd şəhərində vəfat edib.
Xatırladırıq ki, Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 27-də Özbəkistanda rəsmi səfərdə olarkən Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı zamanı mərkəzdə Eynulla Əliyevin fərdi sərgisinə də baxıb.
azertag.az