Xalq Artisti Yusif Muxtarovun anadan olmasının 75 illiyi qeyd olunub
Görəsən neçə belə sənətkarımız var ki, səsi UNESCO-nun qızıl diskinə yazılaraq qorunub saxlanılır? Yəqin ki, belə xoşbəxt sənət adamlarını barmaqla saymaq olar. Azərbaycanın Xalq Artisti Yusif Muxtarov məhz belə xoşbəxt tale sahiblərindəndir. UNESCO-nun iki qızıl diskinə onun səsi yazılıb. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklər nəinki müəllifinə, həm də mənsub olduğu xalqa bir başucalığı gətirir. Amma bu, son deyil. Onun səsi ilə lentə alınmış 300-dən artıq ədəbi-bədii veriliş həm də Azərbaycan radiosunun “Qızıl fondu”na daxildir. Onun bənzərsiz səsi bu gün də yaddaşlardadır. Əgər belə olmasaydı, sənətkarın anım gecəsində bu cür izdiham yaşanmazdı…
Yanvarın 31-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Xalq Artisti, “Qızıl dərviş” mükafatı laureatı, görkəmli diktor Yusif Muxtarovun anadan olmasının 75 illiyi münasibətilə anım gecəsi keçirilib.
Tədbir iştirakçılarını salamlayan Xalq Artisti Amaliya Pənahova deyib ki, Yusif Muxtarov onun üçün təkcə ömür-gün yoldaşı deyil, həm də əsl sənət dostu idi. Yusif Muxtarov UNESCO-nun iki qızıl diskinə səsi yazılan yeganə azərbaycanlı diktordur.
Qırx beş il davam edən sevgi dastanında Amaliya xanım Yusif Muxtarov kimi nəcib, qayğıkeş və milli ruhlu insanla ömrünü paylaşdığı üçün özünü xoşbəxt saydığını vurğulayıb.
Gecədə Y.Muxtarovun həyat və yaradıcılığına həsr olunmuş “Qüdrətli və əvəzsiz səsin sahibi” sənədli filmi nümayiş olunub. Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızının müəllifi olduğu nəfis tərtibatlı “Səsin xiffəti (esse)” kitabının təqdimatı keçirilib. Kitabda Y.Muxtarovu yaxından tanıyan, sənətini qiymətləndirən, həyat və yaradıcılığına bələd olan tanınmış elm və mədəniyyət adamlarının ürək sözləri, xatirələri toplanıb.
Gecədə Telli Pənahqızı, Milli Məclisin deputatı Jalə Əliyeva və başqaları Yusif Muxtarovun həyat yolundan, yaradıcılığından söz açıblar.
Bildirilib ki, Y.Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutuna daxil olan bu çalışqan gənc orada iqtisadiyyat və sosial planlaşma fakültəsini bitirib. Ancaq bununla kifayətlənməyən Y.Muxtarov Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını da uğurla başa vurub. Bu gəncin fitri istedadı, incəsənətə marağı onu məhz səhnəyə, aktyorluğa gətirib çıxarıb. Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində görkəmli rejissor Adil İsgəndərovdan dərs alıb.
O, əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Teleradio Komitəsində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilədək orada diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
Vurğulanıb ki, Yusif Muxtarov 30 il Azərbaycan radiosunda aparıcı diktor kimi fəaliyyət göstərib. Onun səsində diktor üçün gərək olan şərtlərin hamısı - səlis və aydın danışıq, ifadəli dil, təmiz diksiya, gözəl tələffüz, mətnin məzmununu təqdim etmək bacarığı, üstəgəl daxili mədəniyyət, peşəyə məhəbbət, səmimiyyət var idi. Yusif həm də bədii qiraət ustası kimi diqqət çəkirdi. Onun səsinin ahəngində qəribə ləngərlik vardı. Adamın bütün varlığını titrədirdi.
Onun fəaliyyəti təkcə radio ilə məhdudlaşmayıb. Tələbəlik illərindən başlayaraq, teatr səhnəsində oynadığı M.Lermontovun “İki qardaş”ında Aleksandr, Nazim Hikmətin “Qəribə adam” tamaşasında Əbdülrəhman, “Bayramın ilk günü”ndə isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını üzə çıxarmağa kömək edib. S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ.Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M.Bayciyevin “Duel” televiziya tamaşalarında da Y.Muxtarov uğurla çıxış edib. Bundan başqa, Azərbaycan kinosunun inkişafında özünəməxsus xidmətləri olub. Bir çox bədii və televiziya filmlərində, teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb. Kino tariximizə düşmüş bir neçə filmdə - “Baladadaşın ilk məhəbbəti” filmində Murad, “Gecə qatarında qətl”də Paxan obrazları bu gün dönə-dönə xatırlanır. Yusif Muxtarov məlahətli səsi və tələffüzü ilə saysız-hesabsız filmlərin Azərbaycan dilində səsləndirilməsində iştirak edib.
Yusif Muxtarovu bacarıqlı təşkilatçı kimi də xarakterizə edən natiqlər diqqətə çatdırıblar ki, o, 1992-ci ildə fəaliyyətə başlayan Bakı Bələdiyyə Teatrının da yaradıcısı və təşkilatçısı, ilk sərəncamçı direktoru olub.
Yusif Muxtarovun əməyinin hər zaman yüksək qiymətləndirildiyini qeyd edən çıxışçılar deyiblər ki, o, respublikamızın ən yüksək fəxri adlarına layiq görülüb, habelə müxtəlif fəxri fərman və diplomlarla təltif olunub. Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatını, Türkiyə Hərbi Akademiyasının qızıl mükafatını, İranda isə “Komedi beynəlxalq festivalı”nın qızıl medalını alıb.
Yusif Muxtarov incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnini tədris edib.
Gecədə sənətkarla bağlı unudulmaz xatirələr söylənilib və onun əsl diktor kimi qoyub getdiyi irsin gənc nəslə örnək olduğu vurğulanıb.
azertag.az