Heydər Əliyev Sarayında bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr edilən konsert olub
1.2.2017

Yanvarın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr edilən “Könül nəğmələri” adlı konsert olub.

Konsertdə tanınmış və gənc ifaçılar - Brilyant Dadaşova, Almaz Orucova, Zakir Əliyev, Anar Şuşalı, Ənvər Sadıqov, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Səbinə Ərəbli, Ehtiram Hüseynov, Samir Priyev, Taleh Yahyayev, Fuad Muradov və başqaları bəstəkarın mahnılarını oxuyublar.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya göz açıb. O, 1935-ci ildən Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dirijorluğa başlayıb. 1939-cu ildə Niyazi ilə birgə ilk estrada orkestrini yaradıb. Həmin ildən başlayaraq Tofiq Quliyev Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, S.Vurğun adına Rus Dram Teatrı, M.Yermolova adına Moskva Dram Teatrı, Gəncə Dram Teatrı və A.Şaiq adına Kukla Teatrı üçün 30-dan çox tamaşaya musiqi yazıb.

1941-ci il sentyabrın 7-də Tofiq Quliyevin rəhbərliyi altında estrada orkestri Bakı Filarmoniyasında ilk konsert proqramı ilə çıxış edib və bununla da milli cazın əsasını qoyub. Orkestrin rəhbəri isə Azərbaycanın musiqi tarixinə estrada-caz musiqisinin banisi kimi daxil olub.

Tofiq Quliyev 40-dan çox filmə musiqi yazıb. O, 1958-1959-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən isə filarmoniyanın direktoru olub.

1998-ci ildə Tofiq Quliyev müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. Ordeni ona Ulu Öndər Heydər Əliyev təqdim edib.

Tofiq Quliyev 2000-ci il oktyabrın 5-də vəfat edib.

azertag.az