Tbilisidə Azərbaycanın və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında işçi qrupun 2-ci iclası keçirilib
1.2.2017

Tbilisidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında yaradılmış işçi qrupun 2-ci iclası keçirilib.

İclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili çıxış edərək ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyətindən danışıb, Gürcüstanın münasibətlərimizin genişlənməsindən razılığını ifadə edib.

Sevda Məmmədəliyeva Gürcüstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın bir çox sahələrdə olduğu kimi xalqlarımızın tarixi dostluq münasibətlərinə əsaslandığını vurğulayıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.

Nazir müavini ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən islahatlar, yeni layihə və tədbirlər barədə iclas iştirakçılarına məlumat verib. Qarşılıqlı məlumat mübadiləsinin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Gürcüstan tərəfi Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

İclasdan sonra Sevda Məmmədəliyeva Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşüb.

Nazir Azərbaycan ilə Gürcüstan arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində əməkdaşlığın bir çox ölkələrə nümunə olduğunu qeyd edib, beynəlxalq təşkilatlar, xüsusilə UNESCO çərçivəsində Gürcüstana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

S.Məmmədəliyeva Azərbaycanın mədəniyyət sahəsi üzrə beynəlxalq təşkilatlar, o cümlədən UNESCO-nun Ümumdünya İrs Komitəsi çərçivəsində daim Gürcüstanın yanında olduğunu söyləyib.

Görüşdə, Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları nəzərdən keçirilib.

Nazir müavini cari ilin mayın 5-6-da ölkəmizdə dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzenin rəhbərliyi ilə nümayəndə heyətinin tədbirdə iştirakına dair nazir Əbülfəs Qarayevin dəvətini diqqətə çatdırıb.

Səfər çərçivəsində S.Məmmədəliyeva rəsmi açılışının cari ilin mart ayında baş tutacağı N.Nərimanovun Tbilisi şəhərindəki ev-muzeyində olub. Burada görülmüş işlər barədə nazir müavininə məlumat verilib.

Daha sonra o, Gürcüstanın məşhur rəssamı Yelena Axvledianinin ev-muzeyi, David Lordkipanidzenin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə tanış olub.

azertag.az