“Ulduz” jurnalının 2017-ci ildə ilk nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsinin bədii redaktoru Ədalət Həsəndir. İlk səhifədə Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında” ekspert rəyi verilib.
Jurnalın “Nəsr” bölməsində İkinci Mahmudun “Özümlə söhbətin mümkünsüzlüyü”, Şəhla Aslanın “Quran”, Ayişə Nəbinin “Əriyən durna bəyazlığında”, Cəmilə Məmmədlinin “Dəli” hekayələri, Əli Şirin Şükürlünün “Dördlük” povesti dərc olunub.
“Şeir vaxtı” rubrikasında Taleh Mənsurun, Nəzakətin, Roma Xosrovun, Sərəstun Gurun, Ay Bəniz Əliyarın, Sevincin şeirləri yer alıb.
Jurnalın “Tənqid” bölümündə Vaqif Yusifli “Gənc şairlər, sözüm sizədir” silsiləsindən üçüncü məqaləsində gənclərin poetik nümunələrindən söhbət açıb.
“Hücrə”də bu dəfə də Qəşəm Nəcəfzadə digər bir gənc şair Ağaşükür Ağanın şeirlərindən bəhs edir.
“Tərcümə saatı” bölməsində Məhəmməd Nurinin tərcüməsində iranlı şairə Füruğ Fərruxzadın şeirləri təqdim edilib.
“Dərgidə kitab” rubrikasında tanınmış şair Vaqif Bayatlı Odərin “Hər iki dünyanın ən gözəli...” kitabından seçmələr yer alıb.
Jurnalın redaktoru Əməkdar Jurnalist Qulu Ağsəsdir.
azertag.az