Fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.
Bu fikirləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov deyib.
Ə.Pənahov bildirib ki, Ulu Öndərin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Dövlətimizin başçısı 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə dövlətimizin başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. 2011-ci il aprelin 6-da isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalandı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllidir.
YAP Gənclər Birliyinin sədr müavini bildirib ki, gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir.
“Bütün bunlar Azərbaycan gəncliyinin sabaha inamla baxmasına əsas verir. Bu təşəbbüslər və təşkilatlanmalar təbii ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı demokratik mühitin konkret nəticələridir. İndi əsas amalımız bu günə kimi formalaşmış gənclər ordusunu inamla gələcəyə doğru aparmaqdır. Şübhəsiz ki, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyinin İlham Əliyev kimi Prezidenti və səmimi dostu var”, - deyə Ə.Pənahov qeyd edib.
azertag.az