Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində yeni avadanlıq quraşdırılıb
2.2.2017

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi-Tədqiqat Mərkəzi ötən il bir sıra qrant müsabiqələrinin qalibi olub.

Universitetdən bildiriblər ki, mərkəzin üç layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqəsində qalib seçilib. Ayrılan vəsait hesabına Elmi-Tədqiqat Mərkəzinə 15 adda yeni avadanlıq və reaktiv dəstləri alınıb, mərkəzin maddi-texniki bazası möhkəmləndirilib.

Mərkəzin icra etdiyi layihələr, ümumiyyətlə ötən il ərzində əldə olunan nailiyyətlər haqqında ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayev bildirilib ki, ötən il Elmi-Tədqiqat Mərkəzinə müxtəlif avadanlıq quraşdırılıb. Reaktivlər üçün soyuducu şkaf, Ph-metr, immun-ferment analizatoru, işıq mikroskopu, mikroanalizator, spektrofomer və s. tədqiqat aparmaq üçün geniş imkanlar yaradıb. İmmun-ferment analizatoru vasitəsilə 2016-cı ildən başlayaraq qanda sitokinlərin təyin etmək imkanı əldə edilib.

Q.Qarayevin sözlərinə görə, Elmi-Tədqiqat Mərkəzinin əsas vəzifələrindən biri müxtəlif müəssisələrdən ezam olunan əməkdaşlara elmi işin götürülməsində elmi, metodik və texniki kömək göstərməkdir.

Professor mərkəzin əməkdaşlarının son üç ildə gənclərin peşə yönümündə də fəal iştirak etdiklərini qeyd edib.

azertag.az