Prezident İlham Əliyevin Fərmanına əsasən, 2017-ci ilin yanvarından Mingəçevir şəhərinin və Yevlax rayonunun dövlət səhiyyə sisteminə daxil olan qurumlar Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər. Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın baza xidmətlər zərfinə 1829 müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bu barədə agentlikdən bildirilib.
Pilot layihə müddətində icbari tibbi sığortanın baza zərfindən bu ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər istifadə edə biləcəklər. Pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunda ümumilikdə 228.1 min nəfər əhalini əhatə edir.
Digər rayonların əhalisi isə pilot ərazilərdəki tibb müəssisələrinin xidmətlərindən Prezidentin Fərmanı ilə təsdiq olunmuş tariflər əsasında istifadə edəcəklər.
Hazırda sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılır.
Səhiyyənin maddi-texniki bazası gücləndirilməsi də diqqət mərkəzindədir. Bu məsələdə Səhiyyə Nazirliyi də öz dəstəyini göstərəcək. Kənd tibb məntəqələri yenidən qurulacaq ki, bu da əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artıracaq. İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
Pilot ərazilərdəki tibb müəssisələrində kadr potensialını gücləndirmək, səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaq məqsədilə Agentlik planlı şəkildə mütəmadi olaraq, təlimlər təşkil edəcək. Respublikanın tibb müəssisələrindəki ixtisaslaşmış həkimlər pilot ərazilərdəki xəstəxanalara ezam ediləcək. Xarici ölkələrdən, xüsusilə, Türkiyədən mütəxəssislərin təlimlərdə iştirak edəcəyi nəzərdə tutulub.
Hazırda xəstəxanalarda ilkin yardım sistemi qurulur. Təcili tibbi yardım ilkin yardımın sadəcə, bir hissəsidir. İlkin yardım xəstəxanaya plansız gələn pasiyentləri çeşidləyəcək. İlkin yardım sığortalının səhhətində problemin aşkarlanmasına kömək edəcək.
Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. Pilot layihə dövründə həyata keçirilən islahatlar və qazanılan təcrübə icbari tibbi sığortanın gələcəkdə bütün ölkə üzrə uğurla tətbiqinə imkan verəcək.
azertag.az