Nizami Kino Mərkəzində xarici və yerli filmlərin nümayişinə başlanılıb
3.2.2017

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Zənglər” və milli “Ağanatiq” filmlərinin nümayişinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Zənglər” filmini Ceykob Aaron Estesin ssenarisi əsasında rejissor F.Havyer Qutyerres dəhşət və dram janrında çəkib.

Gənc adam sirli videokasetlə bağlı hadisələrin tədqiqatını aparır. Bu kasetə baxan hər bir şəxs yeddi gündən sonra həlak olur. Sevdiyi qız oğlanın təhlükədə olduğunu başa düşür və onu xilas etmək üçün özünü təhlükəyə atır. Qızı qorxulu anlar gözləyir. Amma ən dəhşətlisi heç kimin görmədiyi filmin içində film olacaq...

Rollara Vinsent D'Onofriyo, Laura Uiqqins, Eymi Tiqarden, Conni Qaleki, Lizzi Broşere, Bonni Morqan, Zak Reriq, Aleks Rou, Matilda Anna İnqrid Luts, Brendon Larrakuente və başqa aktyorlar çəkilib.

“Ağanatiq” milli komediyasının rejissoru məşhur “Parni iz Baku” ŞHK-nın üzvü Cabir İmanovdur.

Film taksi sürücüsü Ağanatiqin və dostlarının başına gələn təhlükəli və eyni zamanda gülməli hadisələrdən bəhs edir.

Filmdə aktyorlar Cabir İmanov, Azər Məmmədzadə, Tahir İmanov, Emil Abbasov, Bəhram Bağırzadə, Ələkbər Əliyev, Şahin Nəsirov, Ziba Şücai, Əməkdar Artist Tünzalə Ağayeva və bəstəkar Elçin İmanov çəkilib.

azertag.az