Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbərinin 85 yaşı tamam oldu.
Bu gün təkcə mədəniyyət işçiləri üçün deyil, ölkəmizin bütün ziyalıları üçün gözəl bir gündür. Doğum günü Azərbaycanda Gənclər Günü ilə eyni vaxta təsadüf edən Zərifə xanım da gənclər kimi yaradıcılıq həvəsi ilə yaşayır, ölkəmizin, mədəniyyətimizin, təbliğində göstərdiyi böyük xidmətləri ilə hər kəsə nümunə olur.
Bu sözləri Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, respublika “Kitab” Cəmiyyətinin sədri, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovanı ömrünün 85-ci baharına qədəm qoyması münasibətilə təbrik etməyə gələn hökumət rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri söyləyirdilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Milli Məclisin deputatı Ağacan Əbiyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Xalq Rəssamı Arif Hüseynov, Əməkdar Rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, Xalq Artisti Vasif Babayev və başqaları yubilyarı təbrik ediblər. Habelə Səbail Rayon İcra Hakimiyyətinin, “İndiqo” nəşriyyatının, eləcə də digər qurumların kollektivləri adından təbriklər səsləndirilib.
Çıxış edənlər vurğulayıblar ki, doğma Vətənə və xalqa xidmət görkəmli ictimai xadim Zərifə Salahovanın fəaliyyətinin əsas hədəfidir. O, çoxşaxəli fəaliyyəti ilə milli mədəniyyətin və milli düşüncənin inkişafına dəyərli töhfələr verib.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin yaxın silahdaşlarından biri olmuş Z.Salahova bütün ictimai-siyasi proseslərdə həmişə fəal mövqe tutub, vətənpərvərlik nümunəsi göstərib.
Vətən sevgisinin Zərifə Salahovaya irsən keçdiyini söyləyən natiqlər vurğulayıblar ki, o, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Teymur Salahovun ailəsində dünyaya göz açıb. Teymur Salahovun yadigarları dünya şöhrətli Xalq Rəssamı Tahir Salahov, görkəmli ictimai xadim Zərifə Salahova, nəslin digər davamçıları xalqımızın ən dəyərli şəxsiyyətləri sırasında yer alırlar.
Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu və Moskvada Ali Partiya Məktəbini bitirən Zərifə Salahova müxtəlif sahələrdə işləyib, 1970-1981-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə çalışıb.
Diqqətə çatdırılıb ki, 2002-ci ildə Z.Salahova dünyada ilk dəfə olaraq Bakıda Miniatür Kitab Muzeyini yaradıb. Dahi rəhbər Heydər Əliyevin qayğısı sayəsində ərsəyə gələn bu muzeydə dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən Azərbaycanda çap olunan 7 mindən çox miniatür kitab toplanıb. “Kitab” Cəmiyyəti ulu öndər Heydər Əliyevlə bağlı 37 miniatür kitab nəşr edib. Muzeyin eksponatları arasında ən qədim kitab isə Səudiyyə Ərəbistanında çap olunmuş Müqəddəs “Qurani-Kərim”in 1672-ci ilə aid nüsxəsidir. Miniatür kitablardan ən kiçik formatlının ölçüləri 0,75x0,75 millimetrdir. Üç kitab isə 2x2 mm formatındadır.
Ekspozisiyası Ginnesin Rekordlar Kitabına daxil edilən bu muzeyin beynəlxalq əlaqələri də genişləndirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin, milli mənəvi irsimizin dünyada təbliğinə və tanınmasına əvəzsiz töhfədir.
Vurğulanıb ki, Z.Salahovanın əməyi dövlətimiz, bir sıra xarici ölkə başçıları və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev Zərifə Salahovanın fəaliyyətini yüksək dəyərləndiriblər. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Z.Salahova “Şöhrət” ordeni ilə təltif olunub.
Z.Salahovanın fəlsəfi baxışlarında “milli təfəkkürün inkişafı”, “milli-mənəvi dəyərlərin zənginləşdirilməsi”, “milli dövlətçiliyə xidmət”, “azərbaycançılıq təəssübkeşliyi” həmişə önəmli yer tutub. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən Zərifə xanım ölkəmizlə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daim xüsusi əzmkarlıq göstərib.
Zərifə Salahovanı doğum günü münasibətilə təbrik edən natiqlər ona uzun ömür cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.
Bütün iştirakçılara minnətdarlığını bildirən Zərifə Salahova diqqətə çatdırıb ki, 2017-ci il onun üçün olduqca əlamətdardır. Çünki bu il özünün 85 yaşı, aprelin 13-də Miniatür Kitab Muzeyinin yaradılmasının 15 ili, noyabr ayında miniatür kolleksiyasının 35 ili, üzvləri sırasında veteran olduğu Milli Olimpiya Komitəsinin isə 25 ili tamam olur.
Yubilyar bundan sonra da Azərbaycan mədəniyyətinin təbliği istiqamətində yorulmadan fəaliyyətini davam etdirəcəyini söyləyib.
azertag.az