Fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin artımları ilə birlikdə həyata keçiriləcək
3.2.2017

Müasir dövrdə Azərbaycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına, xüsusilə aztəminatlı ailələrin və sosial cəhətdən həssas təbəqələrə aid şəxslərin həyat keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Bu gün Azərbaycan düşünülmüş, balanslaşdırılmış və mümkün mənfi iqtisadi təsirlərdən sığortalanmış, kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən, ünvanlılığı təmin edən və sosial müdafiə elementlərini sistemləşdirən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir. Həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb. İ.İsayev bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsas məqsədin Azərbaycan vətəndaşının daha da yaxşı yaşaması olduğunu, ona görə sosial məsələlərin həllinin bütün proqramlarda nəzərdə tutulduğunu, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılmasının qarşıya məqsəd kimi qoyulduğunu qeyd edib. Ötən dövr ərzində ümumi iqtisadi inkişaf prosesləri şəraitində sosial məsələlərin həlli, sosial ödənişlərin artırılması istiqamətində mühüm addımların atılıb. Təkcə ötən il bu məqsədlə 25-dən artıq sərəncam imzalanıb və 3,6 milyon insana əmək haqqı, pensiya, sosial müavinət və təqaüd formasında yönələn sosial ödənişlər artırılıb. Cari ildə Prezident İlham Əliyev tərəfindən həm minimum aylıq əmək haqqının, həm də əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı müvafiq sərəncamlar imzalanıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezidentin Sərəncamı həm hazırda pensiyada olan şəxslərin pensiyalarının sığorta hissəsinin artırılmasını, eləcə də hazırda işləyənlərin və ya vaxtı ilə işləyib pensiya yaşına çatmayan şəxslərin fərdi hesablarının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin artırılmasını təmin edəcəkdir. Əmək pensiyalarının sığorta hissəsi 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsində, yəni 12,3 faiz artırılacaqdır. Bu məqsədlərə il ərzində 123 milyon manat vəsait sərf olunacaqdır. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üzrə artımlar cari ilin yanvar ayından hesablanaraq fevral ayında ödənilməyə başlanacaqdır. Əmək pensiyası indeksləşdirilən pensiyaçılar -bunlar bütün pensiyaçıların 94 faizini təşkil edir - fevral ayında pensiyalarını alan zaman həm yanvar, həm də fevral ayı üçün hesablanan artımları ala biləcəklər.

Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təqribən 146 min nəfər işləyən şəxsi əhatə edəcəkdir və onların əmək haqlarında artım baş verəcəkdir. İlkin hesablamalara görə, bu Sərəncamın icrası nəticəsində həmin kateqoriyadan olan işləyənlərin əmək haqqı formasında gəlirləri təqribən 40 milyon manat artacaqdır. Minimum əmək haqqı sosial normadır və qanunverciliyə görə, aylıq əmək haqqının məbləği bu məbləğdən aşağı ola bilməz. Bu Sərəncamın icrası sosial sığorta haqqı üzrə daxilolmaların da artımı ilə nəticələnəcəkdir. Yəni sosial sığorta daxilolmalarının təqribən 10 milyon manatdan çox artacağı nəzərdə tutulur.

Ötən dövr ərzindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi sahəsində görülən tədbirlər nəticəsində əhalinin gəlir imkanlarının artırılması üçün çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması təmin edilib.

Ötən ilin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilib. Dövlət şirkətləri tərəfindən qısa müddətdə Nazirliyin Məşğulluq Xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilib və bu orqanlarda işaxtaran kimi qeydiyyata alınıb şəxslər müvafiq göndərişlər əsasında həmin iş yerlərində işlə təmin olunublar. Bundan əlavə, hesabat dövründə Nazirliyin Məşğulluq Xidməti orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs respublikanın regionlarında yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilmiş və bu şəxslərlə müvafiq əmək müqavilələri bağlanılıb. Müqavilələrin 25,3 faizi mülki-hüquqi xarakter daşımış, 74,7 faizi isə əmək müqaviləsi formasında rəsmiləşdirilmişdir. Bağlanmış əmək müqavilələrinin 83,9 faizi müddətli əmək müqaviləsi olunub.

Mövcud vəziyyət ilin əvvəlində sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində dövlət şirkətləri ilə həyata keçirilmiş birgə fəaliyyətin davam etdirilməsi zərurətini ortaya qoyub. Bunu nəzərə alaraq, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin növbəti ildə də davam etdirilməsi qərara alınıb. Hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir. Tapşırığın icrasını təmin etmək məqsədilə mövcud olan peşə və ixtisaslar üzrə boş (vakant) iş yerləri barədə (müəssisələr üzrə) məlumatların qısa müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi barədə dövlət müəssisə və təşkilatlarına məktublar göndərilib.

Eləcə də, Məşğulluq Mərkəzlərinin göndərişləri əsasında 2016-cı ildə işə götürülmüş və əmək müqaviləsinə hazırkı günə kimi xitam verilməmiş işçilərlə bağlanılmış əmək müqavilələrinin müddəti 2018-ci ilin 1 yanvar tarixinədək uzadılması və bununla bağlı müvafiq dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməsi xahiş olunub. Görülən tədbirlər ölkəmizdə işsizlik səviyyəsinin aşağı həddə saxlanılmasına imkan verəcəkdir.

azertag.az