Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasından 99 il ötür
6.2.2017

Dünən Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin doğum günü idi.

Görkəmli bəstəkarın xatirəsini yad etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikamızın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri fevralın 5-də Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər qoyublar.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.

Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.

Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

azertag.az