Gənc azərbaycanlı pianoçunun Berlin anşlaqı
6.2.2017

Gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin Berlinin məşhur Şlöss Brits (Schloss Britz) konsert salonunda konserti böyük uğurla keçib. Tədbir məşhur alman musiqişünası Kern tərəfindən təşkil edilib. Kern vaxtilə həmvətənimizin pianoda ifasını eşidəndən sonra Almaniya paytaxtında onun solo konsertini təşkil etməyi qərara alıb.

Azərbaycanlı pianoçunu tamaşaçılara təqdim edən Kern onun böyük uğurlarından və istedadından danışıb. Nərmin Nəcəfli konsertdə F.Şopen, F.List, R.Şuman, V.Motsart və İ.Baxın əsərlərini ifa edib. O, royalın dillərinə barmaqlarının ilk ecazkar toxunuşundan alman tamaşaçıların rəğbətini və sevgisini qazanıb. Pianoçuya gül-çiçək təqdim edən tamaşaçılar onu uzun müddət alqışlayıb, təkrar-təkrar səhnəyə çağırıblar.

1996-cı il noyabrın 17-də Bakıda dünyaya göz açan Nərmin Nəcəfli 2014-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə (Əməkdar Müəllim Ədilə Rəhimovanın sinfi) bitirib. O, təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Hannover şəhərində Musiqi, Dram və Media Universitetinin III kursunda (bakalavr) professor Bernd Goetzkenin sinfində davam etdirir. N.Nəcəfli həm də imtahansız Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə oxumaq hüququ qazanıb. 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən IX Beynəlxalq Şopen müsabiqəsində I yerə layiq görülməsi ona bu imkanı yaradıb.

Nərmin Nəcəfli səkkiz yaşından Vətənimizi dünyanın konsert zallarının səhnəsində təmsil edir. O, ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri və Gürcüstanda keçirilmiş çoxsaylı müsabiqələrin qalibidir. 2007-cü ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.

Bir çox yerli və beynəlxalq müsabiqələrin laureatı olan Nərmin Nəcəfli 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I respublika müsabiqəsində Qran-priyə layiq görülüb. O, 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən konsert proqramları çərçivəsində Parisdə UNESCO-nun baş qərargahında, Vaşinqtonda və Moskvada çıxış edib.

İstedadlı həmvətənimiz müxbirinə deyib: “Azərbaycanı dünya səhnələrində təbliğ etmək mənim üçün böyük şərəf və qürur mənbəyidir”.

azertag.az