İsveçrənin “Stadler Rail” şirkəti dəmiryolunun yenidən qurulmasında Azərbaycana əməkdaşlıq təklif edib.
“Azərbaycan Dəmir Yolları» QSC-dən verilən məlumata görə, bu məsələ QSC rəhbərliyi ilə İsveçrə şirkətinin rəhbərliyi arasında görüşdə müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov dəmiryolunun modernləşdirilməsi sahəsində görülən işlər, o cümlədən “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” barədə məlumat verərək bildirib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərdən biri də yeni sərnişin vaqonlarının alınmasıdır: «Bu baxımdan İsveçrənin “Stadler Rail” şirkətinin öz xidmətlərini təklif etməsini yüksək qiymətləndiririk».
İsveçrə nümayəndə heyətinin rəhbəri “Stadler Rail” şirkətinin vitse-prezidenti Peter Jenelten şirkət barədə məlumat verərək bildirib ki, 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda “Stadler Rail” şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.
Görüş iştirakçılarına “Stadler Rail” şirkətinin istehsalı olan elektrik, regional, regionlararası, dizel və sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən video-rolik təqdim olunub.
Görüşdə dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı bərpa təmirini həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi ilə bağlı “Stadler Rail” şirkətinin təklifləri də müzakirə obyekti olub. İkitərəfli görüşlərin bundan sonra da davam etdirilməsi qərara alınıb.
APA