“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında rəssamlar - Hatəm Əlizadə, Mousa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner və Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya” adlı qrup sərgisi açılıb.
Sərgi gündəlik məlumat axınının və səs “çirklənməsi”nin artması, eləcə də insanın daxili münaqişələrini və psixoloji durumlarını araşdıran eksperimental layihədir.
Disfoniya tibbi termin kimi struktur olaraq tamamilə normal olan səs büküşlərinin, səsi yaradan qırtlağın və rezonansı yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq, insanın uyğun səs çıxarma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir.
Rəssam Hatəm Əlizadənin əsərində tətbiq etdiyi konsepsiya həyatımızda informasiyanın həddindən artıq olduğunu vurğulayır. Müxtəlif kitablarda, qəzetlərdə, jurnallarda və onlayn mediada istənilən suala cavab tapmaq mümkündür.
Seyrçi Mousa Bəyzadənin səsli instalyasiyasının qulaqcıqlarını taxaraq tam qaranlıq otaqda, hələ 1977-ci ildə yazılmış və “Qızıl fond”dan götürülmüş melodiyanın xırıltılı səslə birləşdirilmiş avazını eşidir. Bu əsər istehza şəklində mədəniyyət strukturunun və ya modelinin süni dirçəlişini göstərir.
“Təyinat yeri” videosu İstanbulda ustad dərsi zamanı ərsəyə gəlmiş rəssam Əli Həsənovun performansçı Nadi Tsulukidze ilə birgə layihəsidir. Həmin əsərdə intizar içində qalan və nə etmək lazım olduğunu bilməyən insanın vuayerizm baxış bucağı təqdim edilir.
Rəssam Novruz Məmmədovun instalyasiyası ilk baxışdan çox tanınan bir əşya - hamam otağının duşundan ibarətdir. O, işə salındığı zaman su əvəzində səs buraxır. İnstalyasiya şəhər məkanının səs müxtəlifliyini tədqiq edir. Bizim sənaye cəmiyyətimizin istehsal etdiyi bəzən narahat, toksinlərin idarə edilməsindən yorulmuş, eyni zamanda isə artıq adiləşmiş, sakitləşdirici və hətta təravətləndirici, yatmış xatirələr oyadan parlaq şəhər həyatından danışır.
Filipp Messnerin videoəsəri dairəni, öz-özünə törəyən daima fırlanan təkəri yükləmə (gözləmə) işarəsini göstərir. Bu rəqəmsal animasiya işarəsi kompüter prosesi çətinliklə icra edərkən peyda olur. Həmin simvolu real fiziki məkana nəql edərək rəssam insanın virtual estetikanı necə dərk etməsini tədqiq edir.
Seymur Seyidbəylinin “Daxili söhbət” adlı videosu amerikalı psixoloq Erik Bernin alter egosu (başqa bir mən) üç mərhələli nəzəriyyəyə əsaslanıb. Bu nəzəriyyəyə əsasən hər bir insanın alter egosu, eyni zamanda bir uşaq, bir valideyn və bir müdrikdən ibarətdir. Valideynin səsi bizi zamana qarşı səbirli olmağa öyrədir. Uşaq səsi emosiyalarla doludur halbuki, müdrik səs bizim hərəkətimizi dəyərləndirməyə çağırır. Rəssam insanın kənardan gələn ideyalara müqaviməti zamanı yaranan daxili münaqişə anlarında öz-özlüyündə ziddiyyətlər yaradan müzakirələri ifadə edir.
Sabit Zamanovun “Ürək. Tərk edilmiş qəlb silsiləsindən” heykəltəraşlıq kompozisiyası bir insanın həyatında, keçmişində başına gəlmiş hadisələrdən, gərçək həyatda illər öncə yaşadıqları uğursuzluqlardan bəhs edir.
Fevralın 24-dək davam edəcək sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
azertag.az