Fevralın 6-da Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar fevralın 9-dək davam edəcək.
Kurslarda 17 ölkədən 66 hakim iştirak edir. Azərbaycanı bu kurslarda 6 nəfər təmsil edir. Hakimlikdə ilk addımlarını atan mütəxəssislər bu kurslarda dərəcə qazanmaq imkanı əldə edirlər.
Beynəlxalq idman gimnastikası üzrə texniki heyətin rəhbəri Stiv Butçer kursların açılışında təşkilat komitəsinin üzvlərini təqdim edib. O, yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını çatdırıb. Bildirib ki, kurslar zamanı dərslər keçiriləcək və mühazirələr oxunacaq.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qeyd edib ki, idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları artıq ölkəmizdə ikinci dəfə təşkil olunur. İlk belə kurslar 2007-ci ildə keçirilib. Ötən ay isə paytaxtımızda FIG-in qitələrarası hakimlik və bədii gimnastika üzrə beynəlxalq kursları uğurla təşkil edilib. F.Qayıbov bu kursların keçirilməsini Azərbaycana həvalə etdiyi üçün FIG-in texniki komitəsinə minnətdarlığını bildirib. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu ifadə edib.
azertag.az