Musiqili Teatrda “Mənim günahım”ın premyerası olacaq
6.2.2017

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, böyük dramaturq, Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa fevralın 9-da tamaşaçılara təqdim olunacaq.

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Geniş miqyaslı ictimai baxışı keçirilən tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fərqli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.

Əsər sənətini sevən, bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir...

Qeyd edək ki, tamaşada rolları Xalq Artisti Şükufə Yusupova, Əməkdar Artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayevadır.

azertag.az