Mirzə Əsgərovun rəhbərlik etdiyi xor “Vyatka baharı” XI Beynəlxalq Festivalında çıxış edəcək
6.2.2017

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Belə ki, xorun kollektivi fevralın 24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Con Ratterin əsərlərinin premyerasında çıxış edəcək. Martın 5-də isə MDU-nun akademik xoru Rusiya Federasiyası Kirov vilayəti Vyatka Filarmoniyasında “Vyatka baharı” XI Beynəlxalq Festivalının açılış mərasimində səhnəyə çıxacaq.

“Vyatka baharı” XI Beynəlxalq Festivalı haqqında məlumat MDU-nun akademik xorunun “facebook” səhifəsində və Vyatka Filarmoniyasının saytında yer alıb. Festivalın açılış konsertində V.Motsartın “Rekviyem”i, “Fiqaronun toyu”ndan uvertüra, fortepiano və orkestr üçün 20 nömrəli konserti səsləndiriləcək. Konsertdə Vyatka Simfonik Orkestri çıxış edəcək. Dirijor beynəlxalq müsabiqələr laureatı Konstantin Maslyukdur.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə xor ifası həvəskarları iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox rus və xarici bəstəkarların klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

azertag.az