Bakıda amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı sərgisi açılacaq
7.2.2017

Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılacaq.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, Marika Parsadanelli Beynəlxalq İncəsənət Agentliyi və Karpentye Art (Paris) qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

Sərginin ekspozisiyası iki hissədə təqdim ediləcək. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunacaq. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alacaq. Şeyn Quffoqq öz yaradıcılığını sözsüz poeziya adlandırır. Ümumiyyətlə, rəssamın sərgidə 73 rəsm və heykəltəraşlıq əsəri nümayiş etdiriləcək.

Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkil ediləcək.

Şeyn Quffoqqun məxsusi agenti və prodüseri Pyerr Markand, art-əlaqələndiricisi Selia de Palmadır.

Amerikalı rəssamın yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksiyaçıları sırasında Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Uilyam Skott və başqa tanınmış şəxslərin adlarını qeyd etmək olar. Rəssamın əsərləri dünyanın məşhur muzeylərində saxlanılır.

Los-Ancelesdə doğulan Şeyn Quffoqq Kaliforniya İncəsənət İnstitutunda rəssamlıq təhsili alıb. O, 1989-1995–ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı Edvard Ruşa ilə işləyib. Müasir abstraksionizm məktəbini təmsil edən Şeyn Quffoqq, yağlı boya, akvarel, quaş və pastel boyalarla kətan, kağız, sink plitələr üzərində əsərlər yaradır. O, XVI əsr rəssamları arasında xüsusilə məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir.

Şeyn Quffoqqun yaradıcılığı və sərgiləri haqqında ətraflı məlumatı onun rəsmi saytında əldə etmək olar: www.shaneguffogg.com

azertag.az