Azərbaycan yığmasının Qətərlə keçirəcəyi yoldaşlıq görüşünə yeni futbolçular çağırılacaq
7.2.2017

Futbol üzrə Azərbaycan milli komandasının martın 9-da Qətər yığması ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşünə Premyer Liqadan yeni futbolçular çağırılacaq.
Bu barədə millinin məşqçisi Mahmud Qurbanov məlumat verib. Veteran futbolçu bildirib ki, yerli çempionatda çıxış edən futbolçuların hamısı diqqət mərkəzindədir: "Futboçuların hamısının potensialına bələdik. Əsas məsələ kimin formada olmasıdır. Yığmaya yalnız hazırlıq səviyyəsi yüksək olan futbolçular dəvət olunur. Çempionatın matçlarını mütəmadi izləyirik. Demək olar ki, hər tur azı 2 oyuna canlı baxırıq. Növbəti turla bağlı planımız dəqiqləşməyib. Yəqin ki, izləyəcəyimiz matçlardan biri sabah keçiriləcək "Qarabağ" - "Zirə" görüşü olacaq".
Yığmada sol cinahla bağlı problemin olduğunu etiraf edən 44 yaşlı mütəxəssis bu mövqe üçün yeni futbolçuları gözdən keçirdiklərini söyləyib: "Bəli, milli komandaya namizəd sol cinah oyunçularının sayı elə də çox deyil. Baş məşqçi Robert Prosineçki "Zirə"dən Təmkin Xəlilzadə barədə məlumatlıdır. Amma Prosineçki təkcə Təmkin haqda deyil, formada olan bütün oyunçular haqda informasiya toplayır".
44 yaşlı mütəxəssis əcnəbi klublarda çıxış edən azərbaycanlı futbolçuların da Qətərlə oyuna dəvət olunacaqlarını əlavə edib. O, yenicə milliləşdirilmiş Renat Dadaşov və digər legionerlərdən kimin çağırılacağına dair qərarı Prosineçkinin verəcəyini vurğulayıb.
Qeyd edək ki, Qətərlə qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq. Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq. Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti matçını isə martın 26-da Bakıda Almaniyaya qarşı keçirəcək.

report.az