Azərbaycan güləş yığmasının Dünya Kubokundakı rəqibləri məlum olub
7.2.2017

Cari ilin 16-17 fevral tarixlərində İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.
Püşkatmaya görə, Azərbaycan yığması Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaq.
Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək.
Ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz 5-ci yeri tutublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olublar.

report.az