Azərbaycanın Əməkdar Artisti Çinarə Əlizadə Varşava Böyük Teatrında çıxış edəcək
8.2.2017

Fevralı 8-dən 12-dək və martın 1-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) L.Minkusun “Don Kixot” üçpərdəli baleti nümayiş etdiriləcək.

Səhnə əsərində küçə rəqqasəsinin partiyasını fevralın 8-də və martın 1-2-də Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının solisti, Polşa Milli Baletinin birinci solisti Çinarə Əlizadə ifa edəcək. Həmvətənimiz fevralın 10-da və 12-də isə “Don Kixot” baletində Kitri-Dulsineya obrazını canlandıracaq.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, P.Çaykovskinin “Sonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. O, 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

azertag.az