Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un İdarə Heyəti tərəfindən 2017-ci ilin tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub.
Bu barədə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Təsdiqlənmiş proqrama müvafiq olaraq, hər ayın üçüncü çərşənbə günü "CEO Lunch" keçiriləcək. "CEO Lunch" çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının başçıları, diplomatik nümayəndəliklərin rəhbərləri, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq. İlk "CEO Lunch" fevralın 15-də keçiriləcək.
"Caspian Energy Forum" çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar keçiriləcək. Mənzil inşasına həsr olunmuş birinci sessiya 2017-ci il martın 1-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinim direktoru Samir Nuriyevin iştirakı ilə təşkil olunacaq.
T.Əliyevin sözlərinə görə, CEİBC-nin üzv şirkətləri üçün bu il ilk dəfə olaraq martın 15-də və dekabrın 20-də müvafiq olaraq "NOVRUZ PARTY" və "NEW YEAR PARTY" təşkil ediləcək. Eyni zamanda "SUMMER WEEKEND" çərçivəsində qolf üzrə "Caspian Energy Cup", "Caspian Energy Short Film Festival", həmçinin radioidarəedilən təyyarə və avtomobillər arasında "Caspian Energy Qran-pri"nin keçirilməsi planlaşdırılır.
T.Əliyev həmçinin qeyd edib ki, CEİBC-nin üzv şirkətləri üçün vergi, gömrük, əmək və miqrasiya hüququ, marketinq, brend-menecment, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, HR, korporativ idarəetmə və inkişafın digər istiqamətləri üzrə hər ay ödənişsiz seminarlar təşkil olunacaq. Növbəti seminar “Şirkətin məqsədləri və insan resurslarının strateji rolu” mövzusunda “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev tərəfindən 2017-ci il fevralın 22-də keçiriləcək.
Klubun 15 illik yubileyi və "Caspian Energy" jurnalının 100-cü yubiley nömrəsinin çapı ərəfəsinə təsadüf edən 4-cü "Beynəlxalq Caspian Energy Forum Baku – 2017" çərçivəsində xeyli sayda əcnəbi spikerlərin iştirakı gözlənilir. Hal-hazırda dünyanın 17 ölkəsindən 300 deleqat qeydiyyatdan keçib.
Biznes-hökumət dialoqunun təşkili üzrə ənənəvi biznes-forumların və dəyirmi masaların təşkili ilə bağlı iş canlandırılacaq. Forumların işi zamanı CEİBC-nin üzv şirkətlərinin top-menecerləri, hökumətin iqtisadi blokunu təmsil edən sahə nazirliklərinin və qurumlarının rəhbərləri biznes və investisiya mühitinin gələcəkdə də yaxşılaşmasına yardım edəcək problem, təklif və sualları müzakirə edəcəklər.
trend