Bakı məktəblərində ekoloji layihə həyata keçirilmişdir
14.9.2012

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (İB) tərəfindən Bakının Binəqədi rayonundakı dörd məktəbdə ekoloji layihə həyata keçirilmişdir.

İB-dən bildirmişlər ki, “Coca-Cola” şirkətinin maliyyə yardımı ilə reallaşan layihəyə uyğun olaraq 298 nömrəli orta məktəbin kanalizasiya xətləri tamamilə, 300 və 301 nömrəli orta məktəbin xətləri isə qismən dəyişdirilmişdir.

Bundan əlavə, məktəblərdə 14 sanitar qovşaqda əsaslı təmir işləri aparılmış, çən və su nasosları quraşdırılmışdır. Hər bir məktəbdə 30 kvadratmetr sahədə ekoloji guşə yaradılmışdır. Məktəblərin bufetində isə sutəmizləyici filtrlər quraşdırılmış və şagirdlərin istifadəsi üçün müvafiq yerlərə əlavə xətlər çəkilmişdir.

Bununla yanaşı, məktəblərdə maarifləndirmə tədbirləri təşkil olunmuşdur. “Təmiz və sağlam mühit yaradaq” mövzusunda keçirilən təlimlərdə şagirdlərə ətraf mühit, onun qorunması və ekoloji cəhətdən təmiz sudan istifadə ilə bağlı məlumat verilmiş, onlara bukletlər paylanılmışdır.

AzərTAc