Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu da maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 9, 10, 11 və 12-də “Mənim günahım”, “Silva”, “Qırmızı papaq”, “Toya bir gün qalmış”, “Düyməcik” və “Mən dəyərəm min cavana” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevilən aktyorların ifalarını izləyə biləcəklər.
Fevralın 9-da Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Həmin gün tamaşaçılara SSRİ Xalq Artisti Qara Qarayevin musiqiləri və Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən “Mənim günahım” balet-tamaşası təqdim olunacaq. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Sevgi haqqında pritça olan tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, fevralın 10-da “Silva” operettası böyüklər, fevralın 12-də “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Qırmızı papaq” nağıl-tamaşası fevralın 11-də Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.
Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
azertag.az