Saç tökülmələrin növləri və səbəbləri
8.2.2017

Saç tökülmələri problemi (alopesiya) müasir dövrdə öz aktuallığını saxlayır. Bu hal çoxlarında kompleks şəkilində özünü büruzə verir. Belə ki, saçı tökülmüş insanlar özlərini cəmiyyətdə narahat hiss edir, bitkisəl, kimyəvi və ya ev şəraitində hazırlanmış saç maskaları ilə bu vəziyyətdən çıxış yolu axtarırlar.

Alopesiyanın səbəbləri, ən çox rast gəlinən növləri və profilaktikası barədə Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının dosenti, tibb elmləri namizədi Elşad Novruzov danışıb.

Həkim bildirib: “Saç tökülmələri müxtəlif səbəblərdən ola bilər. Bunlardan dəri xəstəlikləri (göbələk, seboreya), saç boyaları, saç fenləri, həddindən artıq isti su ilə baş yumaq, stress və ya irsi, genetik amilləri misal çəkmək olar. Bu o deməkdir ki, hər bir pasiyentə fərdi yanaşmaq lazımdır. Saç tökülmələrinin ən çox rast gələn növləri adrogenetik alopesiya və alopesiya areatadır.

Androgenetik alopesiya kişi və qadın tipi saç seyrəlməsinə bölünür. Kişilərdə irsiliyin rolu ilə əlaqəli saç tökülmələrə qadınlara nisbətən daha çox rast gəlinir. Yetkinlik dövründə androgen hormonlar olan testesteron və dihidrotestosteron (DHT) hər birinin ayrı rolu mövcuddur. Belə ki, testesteron fiziki və səs dəyişikliyi, cinsi yetişkənlikdə rol oynayır. Dihidrotestosteron akne (sızanaq xəstəliyi), prostat vəzinin böyüməsi, saqqal, xarici qulaq və burun deliklərində tüklənməsinə təsir edir”.

Androgenetik alopesiyanın kişi tipi xüsusilə DHT ilə əlaqəlidir. Testesteronun DHT-ya keçməsi 5-alfa reduktaz enzimi vasitəsilə baş verir. Bu enzimin birinci və ikinci olmaqla iki izoinzimi mövcuddur. Birinci tipə piy vəzilərində, qara ciyərdə, ikinci tipə isə prostat vəzi, saqqal və sinə nahiyəsində olan tük follikullarında rast gəlinir. Ikinci tip 5 alfa-reduktaz fermentinin genetik yoxluğu kişi tipi sac tökülməsini əngəlləyə bilir.

Qadınlarda saç seyrəlməsi yetkinlik, premenopauza və menopauza dövründə müşahidə olunur. Yetkinlik dövründən qısa müddət sonra əmələ gələn seyrəlmə irsiliklə əlaqəli olur. Premenopauza və menopauza dövründə qadınlarda baş verən androgenetik alopesiya yalnız genetik səbəblə deyil, eyni zamanda tük follikulu səviyyəsindəki androgen metabolizmasındakı dəyişikliklər və sistemik hormonal dəyişikliklərlə bağlı ola bilir.

Alopesiya areata hər yaşda rast gələ bilinən, tük follikulu olan bütün bölgələrdə simptomsuz, bəzi hallarda özü özlüyündə sağala bilən bir xəstəlikdir. Bu alopesiya ən çox rast gəlinən ocaqlı saç tökülmələrlə xarakterizə olunur. Tük tökülməsi saçlı dərini tam əhatə edirsə alopecia totalis, bütün bədən tüklərində baş verirsə alopecia universalis adlandırılır. Etiologiyası tam bilinməsə də genetik, xarici təsir, immunoloji və nevroloji faktorlar, infeksiyalar və emosional stress bu xəstəliyin yaranmasına səbəb ola bilər.

Son olaraq E.Novruzov qeyd edib: “Ümumiyyətlə sağlamlığınızı qeyri peşəkarlara deyil, mütəxəssislərə həvalə etmənizi məsləhət görərdim”.

azertag.az