Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi bu il yaranmasının 85 illiyini qeyd edir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər. Kollektiv Xalq Artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni bölüşəcək. Konsertdə R.Abdullayev, A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, Motsart və digər bəstəkarların yaradıcılığına müraciət olunacaq.
Qeyd edək ki, 1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Bu sırada L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1940-cı il sentyabrın 1-dən müstəqil fəaliyyət göstərib. Ötən illər ərzində məktəbdə bir çox tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, Əməkdar İncəsənət xadimləri, musiqişünaslar İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, Azər Dadaşov, Adil Gəray, Gövhər Həsənzadə və başqaları bu musiqi ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, Əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də musiqi məktəbinin tanınan məzunları sırasındadır.
1990-cı ildə məktəbə dünya şöhrətli müğənni SSRİ Xalq Artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi istiqamətində işlər aparılır. Məktəbin şagirdləri möhtəşəm konsert salonlarında çıxışlar edir, respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.
azertag.az