"Microsoft" korporasiyası yeni bulud tətbiqi və xidməti olan və özünü artıq təsdiq etmiş “Microsoft Intune” servisi üzərində qurulmuş “Intune for Education” alətini təqdim edib.
“Intune for Education” aləti “Microsoft”un digər bulud xidmətləri ilə sadə inteqrasiya üçün yaradılıb. “School Data Sync” xidməti ilə inteqrasiya olunaraq “Intune for Education” məktəb qeydiyyat reyestrinin məlumatları əsasında avtomatik qruplar yaradır ki, bununla da əlavə səy tələb olunmadan tətbiq və sazlamalar şagirdlərə, müəllimlərə, cihazlara, konkret məktəblərə, siniflərə və ya bölmələrə tətbiq oluna bilər. Məsələn, məktəb reyestrində şagird müəyyən bir fənnə əlavə olunubsa, o, avtomatik olaraq “Intune for Education” platformasında müvafiq qrupa daxil edilir və tətbiqlərə keçid əldə etmiş olur.
“Bu gün “Microsoft” şirkətinin prioritet istiqamətlərindən olan təhsil sahəsinə verdiyi yeni töhfəyə şahidlik etməkdən qürur duyuruq. “Intune for Education” platforması istifadəyə verilməsi sinif otaqlarında müasir texnoloji həllərin tətbiq olunmasına, şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə və ümumilikdə məktəblərdə məhsuldarlığın yüksəlməsinə rəvac verəcək. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentlərinin ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası olmasını nəzərə alaraq, bu yeniliyin Azərbaycanda tətbiqi olduqca əhəmiyyətlidir”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.
Məktəblərdə İT administratorlar və ya müəllimlər elektron ünvanlarına bağlı olan “Office 365 Education” hesablarına daxil olmaqla avtomatik şəkildə “Intune for Education” xidmətinə daxil ola bilərlər. Daha çox sayda masaüstü kompüterlərin tənzimlənməsi üçün “Windows 10” bazasında çalışan istənilən sayda cihazla işləyə bilən “Set up School PCs” tətbiqindən istifadə etmək mümkündür. Müəllim və ya şagird yeni bir cihaza ilk dəfə daxil olduqda masaüstü kompüter avtomatik şəkildə istifadəçinin ehtiyaclarına uyğun olaraq quraşdırılır. “Intune for Education” xidmətinin beta-versiyası yaxın həftələrdə təqdim olunacaq, tətbiqin geniş satışa çıxarılması isə bu ilin yaz aylarında nəzərdə tutulub (üzvlük və korporativ lisenziya proqramı əsasında).
“Microsoft” öyrənmə prosesini yeni bir səviyyəyə çatdırmaq məqsədilə təhsil sahəsində proqram təminatı həllərinin inkişaf etdirilməsinə xeyli resurs investisiya etməkdədir. Korporasiyanın “Windows 10” əməliyyat sistemində “Windows Ink” funksiyasını təqdim etməsilə şagirdlər öz cihazlarında kağız parçasında yazdıqları kimi yaza bilirlər. “Office 365” proqramları şagirdlərdə yazı, təqdimat, analiz bacarıqlarını inkişaf etdirən güclü idrak xüsusiyyətləri vasitəsilə məhsuldarlığı artırır, şagird və müəllimlərə yaratmaq, düzəliş etmək, paylaşmaq və “OneNote” proqramı ilə nailiyyətləri qiymətləndirmək imkanı verir. “OneNote Təlim Vasitələri” ilə şagirdlər diqqətin düzgün paylanması üçün ekran görünüşünü tənzimləyə bilirlər ki, bu da öyrənməkdə problemi olan uşaqlarda oxuma vərdişlərini 30%, qavrama vərdişlərini isə 20% yüksəlməsinə səbəb olub. Bütün bunların məntiqi sonluğu olaraq “Office 365” xidməti “Power BI” platforması ilə birləşdirildikdə məlumatların təhlilini və analitik proqnozu təmin etməklə təhsildə daha yüksək nəticələrin əldə edilməsinə yol açır.
trend.az