Azərbaycan Xalça Muzeyində ustad dərsləri təşkil ediləcək
9.2.2017

Fevralın 11-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.

Muzeydən bildirilib ki, dərslər muzeyin xalçaçı-rəssamı Tariyer Bəşirovun rəhbərliyi ilə aparılacaq. Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır.

İki gün davam edəcək ustad dərslərində mövzu ilə bağlı mühazirələr də təşkil olunacaq.

Qeyd edək ki, çətən – eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində arakəsmə və pərdə kimi istifadə olunur.

azertag.az