Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin həyat bilgisi və ibtidai sinif müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.
BŞTİ-dən bildiriblər ki, ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiyası elementlərinə dair təlimlərdə iştirak edib.
BŞTİ ilə Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsidir.
Layihə çərçivəsində dörd qrup üzrə təşkil edilmiş təlimlərdə həyat bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib. Mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.
Həyat bilgisi fənninin müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai sinif müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil olunub.
Təlimlərin yekununda qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq müəllimlərə sertifikatlar verilib.
Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.
azertag.az