Fevralın 9-da Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.
Bildirilib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 143 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 23-ü isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
Jean-Vincent Plase Azərbaycan-Fransa əlaqələrindən, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov diqqətə çatdırıb ki, ölkələrimiz arasında təhsil sahəsində əlaqələr sürətlə inkişaf etməkdədir.
Qonaq UFAZ-ın tələbələri ilə görüşüb, onların suallarını cavablandırıb.
azertag.az