Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Banqladeşin Stamford Universitetinin rektoru Aşok Gupta ilə görüşüb.
ADNSU-dan bildiriblər ki, görüşdə M.Babanlı universitetdəki tədris prosesi və həyata keçirilən islahatlar barədə qonağa ətraflı məlumat verib. Vurğulanıb ki, universitetdə texniki yönümlü ixtisaslarla yanaşı, aktuallıq və əhəmiyyət daşıyan ixtisaslar üzrə də tədris aparılır, təcrübəyə xüsusi önəm verilir. Rektor deyib: “Bizim üçün tələbələrin təcrübə prosesini təşkil etmək olduqca vacibdir. Universitetimiz texniki profilli olduğu üçün təcrübəyə və laboratoriya dərslərinə üstünlük veririk. Son vaxtlar qeyri–neftyönümlü ixtisasların tədrisinə də yer ayırmışıq”.
Görüşdə banqladeşli tələbələrin ADNSU-da təhsil almaları üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, eləcə də xarici tələbələrin yerləşdirilməsi üçün universitetin yataqxanasının tikilməsi kimi məsələlər müzakirə olunub. Həmçinin ADNSU-nun Banqladeşdə filialının açılması və professorlarının Stamford Universitetinin tədris prosesində iştiraklarına şərait yaradılmasına dair razılıq əldə edilib.
A.Gupta diqqətə çatdırıb ki, ADNSU ilə əməkdaşlığın bundan sonra da inkişafı üçün səylərini əsirgəməyəcək.
azertag.az