Analitik Ekspertiza Mərkəzindən reseptlərlə bağlı rəsmi açıqlama
9.2.2017

Ötən il ərzində aparılan yoxlamalar zamanı apteklərdə reseptlərlə əlaqəli heç bir problemə rast gəlinməyib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ saylı Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanı ilə yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra ötən il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb.

Həmin apteklərlə bağlı müvafiq tədbirlər görülərək nəticələri barədə səlahiyyətli orqanlara məlumat verilib. Bu yoxlama zamanı reseptlərlə əlaqəli heç bir problemə rast gəlinməyib.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.

trend.az