Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Bakı Dəmir Yolu Vağzalının binası 1884-cı ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Paytaxt Bakının giriş qapısı sayılan dəmir yolu vağzalının yüksək standartlara və müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdı. Bu məqsədlə 2015-ci ilin martında burada əsaslı təmir və yenidənqurma işlərinə start verildi. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edəcəklər. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.
Dövlət başçısına və xanımına vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verilib. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına və xanımına mərkəz barədə məlumat veriblər.
“ASAN kommunal” mərkəzlərinin yaradılması Azərbaycan Prezidentinin ötən il imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada 3 qurum - “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə 71 nəfər işlə nəfər təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Onu da deyək ki, bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.
Bakı Dəmir Yolu Vağzalının belə yüksək səviyyədə yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etməsini aydın göstərir. Bu layihənin icra olunması həm də Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Dövlət başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış olublar. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.
report.az