“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayiş etdirilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən verilən məlumata görə, ekran əsəri fevral ayının 2-9-da keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib.
Azərbaycan istehsalı olan filmin nümayişləri fevralın 3-6-da Benqaluru və Maysur şəhərlərində keçirilib.
Ekran əsəri həmçinin Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb.
Qeyd edək ki, “İçəri Şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune” və 7-ci “Yaşvant” Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
report.az