“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində mühazirə və ustad dərsləri keçirilib
13.2.2017

Fevralın 11-də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçirilib.

Dərslərdə Rəssamlar İttifaqının üzvü, bir çox portret və süjetli xalçaların müəllifi, əsərləri dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirovun və muzeyin Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənilib.

Xalça Muzeydən bildirilib ki, mühazirədə 33 il xalçaçı-rəssam kimi fəaliyyət göstərən, bir sıra portret, tematik xalça və çətənlərin müəllifi olan Taryer Bəşirov bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən bəhs edib. Xalçaçı-rəssamın müəllifi olduğu “Nizami-850”, “İçərişəhər”, “Oğuznamə”, “XX əsrin korifeyi” adlı müasir çətən nümunələrindən ibarət sərgi də açılıb.

Həmçinin Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirəsində çətən sənətinin Avropa ölkələrinə gəlişi, müasir dövrdə ona olan tələbatın artma səbəbi haqqında iştirakçılara ətraflı məlumatlar verib.

Sonra bu sənət növü ilə maraqlanan gənclərə Taryer Bəşirov və muzeyin aparıcı elmi işçisi Günay Əhmədova tərəfindən ustad dərsləri də keçirilib.

Çətən üzrə mühazirə və ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, ustad dərsləri fevral ayının 12-dək davam edəcək.

azertag.az