Bakı və Odessa arasında birbaşa aviareys açıla bilər
13.2.2017

Ukrayna turist səfərlərinin qarşılıqlı inkişafı çərçivəsində Odessa və Bakı arasında birbaşa reyslərin həyata keçirilməsini planlaşdırır.

Bunu Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Vadim Sidyaçenko deyib.

Sidyaçenko deyib ki: "Biz yay cədvəli çərçivəsində Odessa və Bakı arasında birbaşa reys açmağı planlaşdırırıq. Noyabrda biz Azərbaycan jurnalistləri üçün Odessaya press-tur təşkil etdik, amma uçuş Kiyev vasitəsilə həyata keçirildi. Hazırda bu istiqamətdə tələbat kifayət qədər yüksəkdir və ona görə də birbaşa reyslərin mövcudluğu turist axınını artırmağa imkan verəcək".

Onun sözlərinə görə, hazırda Azərbaycanla Ukrayna arasında Bakı-Kiyev-Bakı və Bakı-Lvov-Bakı reysləri həyata keçirilir.

Sidyaçenko qeyd edib ki, hər iki tərəf turist səfərlərinin qarşılıqlı inkişafına böyük maraq göstərir. Bununla yanaşı, onun sözlərinə görə, ukraynalı turistlərə təkcə Bakı deyil, Azərbaycanın regionlarına da səfər etmək təklif olunur:

"Ukraynalılar özləri üçün Azərbaycanı dahada çox kəşf edirlər, xüsusilə də romantik paytaxt Bakını. Bakıda gözəl vaxt keçirmək olar, Bakının gözəl memarlığı və bütün zövqlərə uyğun restoranları var. Bundan başqa, ukraynalı turistlər üçün Qobustanın qayaüstü rəsmləri ilə tanış olmaq, Atəşgahı ziyarət etmək və çox digər maraqlı imkanlar var. İndi biz turizm şirkətlərinə Qəbələ, Şəki, Mingəçevir, Quba, Qusar və Şahdağ kimi istiqamətləri tövsiyə edirik. Bu istiqamətlər ukraynalılar üçün çox maraqlıdır".

trend.az