Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır
13.2.2017

Azərbaycanda görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlər üçün qəbul imtahanı müddətinin artırılması məsələsi qəbul qaydalarına daxil edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, indiyədək bu məsələ qaydalara daxil edilməmişdi. Lakin buna baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmək istəyən görmə qabiliyyəti olmayan abituriyentlər üçün ayrıca otaq ayrılırdı və onların imtahan müddəti artırılırdı:

"Nazirlər Kabinetinin yeni təsdiqədiyi qəbul qaydalarında isə bu məsələlər rəsmiləşdirilib. Görmə qabiliyyəti olmayan abituriyentlər üçün imtahan müddətinin artırılması məsələsinin qəbul qaydalarına daxil edilməsi ali təhsil almaq istəyən belə abituriyentlərin sayının artmasına təsir göstərəcək".

DİM-dən bildirilib ki, "Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları"na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.

trend.az