Övlad sahibi olmaq istəyənlər üçün əvəzsiz mineral
13.2.2017

Sink insan orqanizmi üçün ən vacib minerallardan biri sayılır.
İnsan orqanizmində normada 2-3 qr sink olur, lakin belə kiçik miqdarına baxmayaraq sink orqanizmdə gedən bir çox proseslərdə aktiv iştirak edir. Bu proseslərin arasında:
- hüceyrələrin əmələ gəlməsi, böyüməsi, zülalların sintezi,
- yaraların sağalması. (Hamı sink məlhəmi tanıyır. Bu ucuz preparat kiçik dəri zədələnmələri zamanı əvəzsiz müalicəvi vasitədir.)
- virus, bakteriya, şiş hüceyrələrinə qarşı immun reaksiyalarının aktivləşməsi,
- mübadilə proseslər,
- yaddaşın saxlanılması və yaxşılaşdırılması,
- gözün torlu qişasının və göz büllurun normal fəaliyyəti,
- dərinin, saçların, dırnaqların regenerasiyası (bərpa),
- cinsiyyət sisteminin normal inkişafı və fəaliyyəti. Sink həm qadın, hənm kişi cinsiyyət sistemi üçün əsas minerallardan biri sayılır.
Kişilərdə spermada spermatozoidlərin az olmasının və ya onların hərəkətliliyin kifayət olmamasının səbəbi məhz orqanizmdə sinkin çatışmazlığı ola bilər.
Sink qida ilə orqanizmə daxil olur. Sinkin əsas mənbələri:
- buğda kəpəyi, cücərdilmiş buğda, boranı və günəbaxan tumları, göbələklər,
- mal əti, toyuq əti, malın qara ciyəri, balıq,
- paxlalılar, yumurta sarısı, süd, qoz-fındıq, küncüt.
Meyvə və tərəvəzlərdə sink daha azdır.
Natamam qidalanma, qalxanvari vəzi, qara ciyər, mədə-bağırsaq xəstəlikləri və s., bəzi dərmanların qəbulu (hamiləlik əleyhinə, hormonal preparatlar və s.) orqanizmdə sinkin miqdarını azalda bilər.
Orqanizmdə sinkin çatışmazlığı bir çox pozulmalara təkan verir:
- uşaqlarda boyatmanın ləngiməsi,
- cinsi inkişafının ləngiməsi,
- kişilərdə impotensiya və spermoqramma göstəricilərinin pisləşməsi,
- yaraların gec sağalması,
- əsəbilik, yaddaşın pisləşməsi, yorğunluq,
- dərinin quru olması, qabıq verməsi, civzələrin əmələ gəlməsi,
- saçların tökülməsi,
- dırnaqların kövrək olması, dırnaqların üzərində ağ ləkələrin əmələ gəlməsi,
- immun sisteminin zəifləməsi fonunda tez-tez təkrarlanan infeksiyalar, allergiyalar.
Əgər özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, qidalanmanızda sinklə zəngin olan məhsulların miqdarını artırın. Bu xüsusilə buğda kəpəyi, cücərdilmiş buğda, balqabaq tumlarına və s. aiddir.
Sinklə zəngin olan pəhriz göz və damaq xəstəliklərinin, infeksion, xərçəng xəstəliklərinin, kişilərdə prostat vəzi adenomanın profilaktikası sayılır.
Farmasevtik sənaye sink əsasında olan bir çox preparatlar istehsal edir. Bu preparatlar konyuktivit, laringit, dermatit, ekzema, psoriaz, dəridə xoralar, civzələr, uşaqlarda bişməcələr, babasil və bağırsaq çatları (şamlar şəklində), keçəlləşmə, dərində göbələk infeksiyası və s. hallarda geniş istifadə olunur. Sink əsasında hazırlanan şampunların köməyi ilə saçlarda kəpək müalicə olunur.

saglamolun.az