Mendi Zunekind: Çox şadıq ki, Bakıda məşq etmək imkanımız var
13.2.2017

“Çox şadıq ki, Bakıda Milli Gimnastika Arenasında məşq etmək imkanımız var”.

Bu sözləri batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək CAR idmançısının məşqçisi Mendi Zunekind deyib.

Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verilir ki, Dünya Kubokunun iştirakçıları Azərbaycana gəlməyə başlayıblar. CAR və Qazaxıstan nümayəndələri artıq Bakıdadır.

Mendi Zunekindin sözlərinə görə, Dünya Kubokunda iştirakın əsas məqsədlərindən biri Dünya Oyunlarına hazırlaşmaqdır. O deyib: “Bakıda idmançıların məşqi və inkişafı üçün çox gözəl şərait var. Bundan başqa, Dünya Kuboku iyul ayında Polşada keçiriləcək Dünya Oyunları-2017-yə hazırlaşmaq üçün əla fürsətdir. Çox şadıq ki, buradayıq və məşq etmək imkanımız var. Burada heyrətamiz idman obyektləri mövcuddur. Bizim ölkədə məşq etməyə kimsə yoxdur, ona görə biz bu gözəl imkandan istifadə edirik”.

Paytaxtımıza ilk dəfə gəldiyini bildirən Mendi Zunekind deyib: “Bakı mehriban sakinləri olan gözəl şəhərdir və biz burada olmaqdan məmnunuq. Gimnastika arenası ideal məkandır. Hava bir az soyuqdur, lakin bu, o qədər də vacib deyil. Ümumilikdə, biz heç bir problem yaşamırıq. Buna görə də Azərbaycan Gimnastika Federasiyasına minnətdarıq. Nəticələrə gəldikdə isə, biz fəxri kürsüdə olmaq istərdik. Fikrimcə, bu mümkündür”.

azertag.az