Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumunda iştirak edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Albaniya Prezidenti B.Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcəklər.
Məlumatda qeyd olunur ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumun açılışında Albaniya prezidentinin çıxışı gözlənilir. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, 2012-ci ilin iyulun 24-də Albaniyanın prezidenti seçilən B.Nişani ötən il keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edərək, tədbirin açılışında nitq söyləmişdi.
trend.az