Bakıda beşinci Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
14.2.2017

2017-ci il oktyabrın 17-dən 20-dək Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək.

Xalça Muzeyindən bildirilib ki, bu tədbir ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə təşkil ediləcək.

Beynəlxalq tədbirlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə İCOC (Xalçaları üzrə Beynəlxalq Konfransı) və “Hali” jurnalı arasında niyyət protokolu imzalanıb və jurnal tədbirin rəsmi media tərəfdaşı olub. Simpozium çərçivəsində 8 günlük Bakı-Tbilisi marşrutu üzrə “Hali Carpet Tour” adlı tur-paketin keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq tədbir çərçivəsində sərgilərin, elmi sessiyaların və mədəni proqramların təşkili də planlaşdırılır.

Qeyd edək ki, simpoziumun beynəlxalq tərəfdaşı kimi İCOC təşkilatı iştirak edir. Təşkilat 35 ildən çoxdur ki, Şərq xalçalarının Qərb ölkələrində təbliği və öyrənilməsi ilə məşğuldur.

azertag.az