Gənc yazarın kitabı təqdim edilib
14.2.2017

Kitabevim.az-da gənc yazar Pərviz Seyidlinin “Pişik qız” adlı kitabının və fərdi fotosərgisinin təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Pərviz Seyidlinin gənc yazar olaraq qələmə aldığı şeirlər, hekayə və romanların özəlliyindən söz açıb. Bildirib ki, onun özünəməxsus dünyagörüşü müasir Azərbaycan gəncinin bugünkü ədəbi mühitdə rolunu ifadə edir. Onun hekayə və şeirləri mütəmadi olaraq “Ulduz” və “Azərbaycan” jurnallarında çap edilir.

Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Pərviz Seyidlini zövqlü musiqi duyumuna malik gənc rejissor kimi də yüksək dəyərləndirib, bacarıqlı və istedadlı gəncə gələcək işlərində uğurlar arzulayıb.

Tənqidçi Əsəd Cahangir, fəlsəfə doktoru Mail Yaqub, rejissor Yaşar Əhməd və digərləri əsərdəki obrazlar, yazıçının bədii həll, estetika, sənət tələblərinə cavab verən bir əsər ortaya çıxardığını vurğulayıblar, qələmə alınan romanın bədii məziyyətlərindən söz açıblar.

Qeyd edilib ki, Pərviz Seyidli Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Bu günə kimi bir sıra qısametrajlı filmlərin müəllifidir. Filmləri “Azərbaycan ailəsi” film festivalında qalib olub. “Maraqlı fiqur və yaxud siçan qadın” hekayəsi əsasında Əməkdar Artist Vidadi Həsənovun quruluşunda tamaşa hazırlanıb. Gənc rejissor və yazıçı “Dəfnə ağacı” və “Sən olmasaydın. Qisas” seriallarının ssenari müəllifidir.

“Pişik qız” romanı Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələrin xaotik həyat tərzi və bu həyat dönəmində başlarına gələn hadisələrdən bəhs edir. Təqdimat çərçivəsində sərgilənən fotolar isə obrazların prototipləridir.

Sonda müəllif tədbirə qatılan hər kəsə təşəkkürünü bildirib.

azertag.az