Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”
14.2.2017

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”dir. Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış və nüfuzlu teatr rejissorlarından olan Yaqub Sadiqcamalidir. İkitərəfli müzakirələrdən sonra layihənin icrasına başlanması ilə bağlı qərar qəbul edilib.

“Təbriz Teatrı ilə birlikdə həyata keçirəcəyimiz bu layihənin bir çox özəllikləri var. Tamaşada hər iki teatrın aktyorları rol alacaq. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Səhnə əsərini tamaşaçılara Novruz bayramı ərəfəsində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində İrandan, soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi gözlənilir. Düşünürəm ki, Təbriz Teatrı ilə birlikdə hazırladığımız “Bəxtəvər” tamaşasının biletlərinin eyni zamanda İranda onlayn, turizm şirkətləri vasitəsilə satılması xüsusilə mədəni turizmin inkişafına töhfə ola bilər. Dünyanın hər yerində insanlar tətil proqramlarını öncədən planlaşdırırlar. Bayram günlərində İrandan Azərbaycana gələcək soydaşlarımız, turistlər mədəni istirahətlərini təmin etmək üçün tamaşamıza çox rahat şəkildə öz ölkələrində bilet ala biləcəklər. Bu yaxınlarda bizim teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalı çərçivəsində Təbrizdə çıxış edərkən onların Azərbaycana, Azərbaycan teatrına necə böyük bir sevgi, maraq və rəğbət bəslədiklərini gördüm. Düşünürəm ki, bu baxımdan “Bəxtəvər” adlı tamaşamız hər iki ölkədə böyük marağa səbəb olacaq. Festival günlərində oradakı soydaşlarımız internet vasitəsilə Musiqili Teatrın bir sıra tamaşalarını izlədiklərini, bəyəndiklərini bizə dəfələrlə söylədilər. Bütün bunlar Təbriz Teatrı ilə reallaşdıracağımız bu layihənin böyük uğur qazanacağına əsas verir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.

azertag.az