Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir əməliyyat aparılıb
14.2.2017

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən xəstəliklə bağlı əməliyyat aparılıb.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, klinikaya gətirilən körpədə qalça bağırsağın funksional hissəsi anadangəlmə qapalı olub. Körpə üzərində nadir əməliyyat icra olunub.

Həkim mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Arzu İsmayılova bildirib ki, hamiləlik dövründə ultrasəs müayinəsi zamanı körpədə bağırsaq keçirməzliyi ilə bağlı müəyyən şübhələr yaranıb. Buna görə doğuşdan dərhal sonra qarın boşluğunun rentgenoqrafiyası aparılıb və bağırsaq keçirməzliyi diaqnozu təsdiqlənib.

Aparılan əməliyyat yüksək səviyyədə keçirilib. Qalça bağırsağın terminal hissəsi, kor bağırsaq rezeksiya olunaraq anastomoz qoyulub.

Əməliyyatdan sonra körpə evə yola salınıb.

azertag.az