Müxtəlif uşaq evlərindən olan bir qrup azərbaycanlı məktəbli Gürcüstandan səfərdən qayıdıb. Heydər Əliyev Fondundan verilən məlumata görə, Gürcüstanın birinci xanımı Sandra Rulofsun dəvəti ilə dost ölkədə qonaq olan məktəblilər 10 gün ərzində Tiflis, Mtsxeta, Siqnaqi, Batumi, Kutaisi, Borjomi şəhərlərində olublar. Səfərin ilk günündə Gürcüstanın birinci xanımı Sandra Rulofsla görüşən nümayəndə heyəti Tbilisidəki açıq səma altında Etnoqrafiya Muzeyi, eləcə də paytaxtın müxtəlif görməli yerləri ilə tanış olublar.
Ölkə ərazisində müxtəlif dövrlərə aid yaşayış məskənləri, qədim qala və muzeylərlə tanış olan məktəblilər Batumi Botanika bagında, Delfinariumda, əyləncə parklarında maraqlı istirahət ediblər.
Səfərin sonuncu günü nümayəndə heyəti Tbilisidə Heydər Əliyev adına Parka gedərək ulu öndərin heykəlini ziyarət ediblər. Gürcüstanın birinci xanımı Sandra Rulofs səfəri başa çatan azərbaycanlı məktəbliləri dəmir yol vagzalında yola salıb.
APA