Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı işıq üzü görüb.
ADMİU-dan bildirilib ki, kitab “Şərq-Qərb” nəşriyyat evində yüksək poliqrafiq səviyyədə çap olunub. Kitabda müəllif haqqında deyilir: “Aqşin Babayevin “Xilaskar”, “Oğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər...”, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə”, “Mükafat”, “Əzizim Vətən yaxşı”, “Gecikmiş bahar” və başqa pyesləri teatr səhnələrində və televiziya ekranlarında nümayiş etdirilib, radio dalğalarında səsləndirilib. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Xilaskar” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda Türkiyədə, Rusiyada, Gürcüstanda uğurla tamaşaya qoyulub. A.Babayevin əsərləri Amerika, Almaniya, Rusiya, Moldova və başqa ölkələrdə nəşr olunub”.
Yeni kitabda Aqşin Babayevin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş olunub, Azərbaycan televiziyası və radiosunun qızıl fonduna daxil edilib.
Nəşrin redaktoru görkəmli dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli Aqşin Babayevin dram yaradıcılığını kitabın “Ön söz”ündə belə səciyyələndirir: “Aqşin Babayev dramaturgiyasının uzunömürlü olmasının səbəbini bilsəm də, onun dram əsərlərinin bir hissəsinin toplandığı bu kitaba redaktor gözü ilə baxanda həmin səbəbi daha yaxşı anladım: dramaturqun bütün əsərləri həyatın özündən, gündəlik insan qayğılarından, çox adi, hamının dərk edə biləcəyi reallıqdan qaynaqlanır. Bu kitabla yaxından tanışlıq mənə bir daha göstərdi ki, çox zəngin və xoşbəxt həyat yolu keçən Aqşin Babayev hər bir işə dərin məsuliyyət hissi ilə yanaşdığı kimi, bədii yaradıcılığı da çox ciddiyə alan istedadlı və zəhmətkeş yazıçıdır, hətta uzun illərin yaradıcılıq uğurları və ustad yazıçı təcrübəsi də onu arxayın salmır. Dramaturgiyaya gələndə isə yazıçı daha artıq ciddiyyət və məsuliyyətlə işləyir”.
azertag.az