Bakıda IV Beynəlxalq musiqi festivalı başlayır
18.9.2012

Bu gün Bakıda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq musiqi festivalı açılacaq.

Ayın 29-dək davam edəcək, bu möhtəşəm festivalın açılış mərasimi ənənəyə uyğun olaraq 18 sentyabr – Milli Musiqi Günündə keçiriləcək.

Üzeyir Hacıbəyliyə həsr edilmiş IV Beynəlxalq musiqi festivalında Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - "Moskva virtuozları" kamera orkestri, Köln kamera orkestri, Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri, "Signum" saksofon kvarteti, dirijorlar Vladimir Spivakov, Gürer Aykal, Canluka Marçiano, skripkaçı Solenne Paydassi, saksofonçu ASHU, pianoçu İlya Maksimov, violonçel ifaçısı Kristof Kruaze, fleytaçı Anna de La Veqa və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində “Üzeyir evinin qonaqları” adlı yeni musiqi layihəsi təqdim ediləcək. Layihə əsasında gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri təşkil olunacaq. Festival günlərində həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı, “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” mövzusunda elmi-praktiki konfransın və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq musiqi festivalları 2009-cu ildən etibarən ölkəmizdə hər il keçirilir və bu festivallar dünya musiqi ictimaiyyətində böyük əks-səda doğurub. Festival konsertlərində dünyanın görkəmli musiqiçiləri iştirak edirlər.

ANS PRESS