“Kinoşok” festivalı çərçivəsində “Fokusda Azərbaycan” proqramının açılışı olub
18.9.2012

Rusiyanin Anapa şəhərində MDB ölkələri, Latviya, Litva və Estoniyanın XXI Açıq Beynəlxalq Kinofestivalı çərçivəsində "Fokusda Azərbaycan" proqramının açılışı olub.

Proqrama son illər ölkədə çəkilmiş bir sıra filmlər daxil edilib ki, bunlardan biri də Şamil Əliyevin rejissoru olduğu “Çölçü” filmidir. Azərbaycan proqramının açılışı da məhz "Çölçü" filminin təqdimatı ilə reallaşıb.

Filmi tamaşaçılara təqdim edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayev ölkədə kinonun inkişafı və həmkarlarının yeni işləri haqqında məlumat verib. Daha çox "Kinoşok" adı altında tanınan festivalın əsas müsabiqəsinin iştirakçısı olan "Çölçü" filminin təqdimatından sonra mətbuat konfransı keçirilib, tamaşaçılar tərəfindən maraqla qarşılanan filmin rejissoru və tədbirdə iştirak edən digər Azərbaycan kinematoqrafçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Sentyabrın 16-da Azərbaycan nümayəndə heyəti adından verilmiş qəbulda festivalın baş direktoru İrina Şevçuk, kinorejissorlardan Georgi Natanson, Xocaqulu Narliyev, Əli Xamrayev, aktyorlar Natalya Arinbasarova, Rüstəm Saqdullayev, yazıçı Andrey Bitov və başqaları çıxış ediblər. Yaxın günlərdə festivalda Yavər Rzayevin "İlahi məxluq", Samir Kərimoğlunun "Niyyət", Elçin Musaoğlunun "Qırxıncı qapı", Fariz Əhmədovun "Mayak" (qısametrajlı) və Rodion İsmayılovun "Köç" (sənədli) filmləri də nümayiş etdiriləcək.